GƏLİR VERGİSİ

Gəlir vergisi hər birimizin öz qazancından dövlətə ödədiyi vəsaitdir. İnsan çox müxtəlif işlərdən qazanc götürə bilər. Zavod və fabrikdə işləməklə, məktəbdə və ya institutda dərs deməklə, tikintidə çalışmaqla və digər üsullarla pul qazanmaq mümkündür. Bütün hallarda insanı işə götürən rəhbər işçi hər ay ona əmək haqqı verir. Buna görə də başqa adam üçün işləyən şəxsin qazancına əmək haqqı (zəhmət haqqı) deyilir. Əgər siz banka qoyduğunuz puldan faiz götürürsünüzsə, bu da sizin gəliriniz sayılır. Lakin gəlirin bu növü əmək haqqı olmayıb, şəxsi fəaliyyətdən qazanılan gəlirdir.
Banka pul qoymaqdan başqa, öz evində məktəbliləri instituta hazırlaşdırmaqla, toyuq, qoyun və başqa heyvan bəsləyib satmaqla, bazarda alver etməklə və başqa üsullarla da qazanmaq olar.

Göründüyü kimi, bu zaman zavod və fabrikdən fərqli olaraq sizi kimsə işə götürmür. Özünüz pul qazanırsınız. Aydındır ki, hər bir kəs eyni məbləğdə əmək haqqı və öz fəaliyyətindən eyni qazanc əldə edə bilməz. Buna görə də dövlət qazancı orta olanlardan gəlirin az hissəsini alır. Əgər gəlir 2500 manatadək olduqda onun 14%-i dövlətə ödənilir. Tutaq ki, siz fabrikdə işləyir və hər ay 500 manat əmək haqqı alırsınız; bu zaman dövlət sizdən 70 manat gəlir vergisi çıxır, deməli, əlinizdə 430 manat qalır: 500 manat x 14%:100% = 70 manat. Nəzərə almalısınız ki, əgər işçinin əsas iş yeri üzrə aylıq gəlir 250 manatadək olduqda, ondan hal hazırda 136 manat məbləğində olan hissəsi çıxılır, qalan hissəsindən isə 14 % dərəcə ilə gəlir vergisi tutulur (250-136=114 ; 114x14%=15.96 manat). 
Əgər aylıq gəliriniz 2500 manatdan çoxdursa, onda siz 350 manat və 2500 manatdan yuxarı məbləğin 25%-in dövlətə ödəyirsiniz; məsələn: siz hər ay 3500 manat əmək haqqı alsanız, dövlətə 600 manat ödəməli olacaqsınız və əlinizdə 2900 manat qalacaq.
Gəlir vergisindən başqa, hər bir şəxs hər ay öz əmək haqqının 3%-in Dövlət Sosial Müdafiə Fonduna köçürür. İşəgötürən isə işçilərin ümumi əmək haqqı fondunun 22%-i bu fondun hesabına köçürür. Əmək haqqı fondu işəgötürənin bütün işçilərinə hər ay ödəməli olduğu əmək haqqının ümumi məbləğindən ibarətdir. Belə köçürmələr ona görə vacibdir ki, cavanlardan fərqli olaraq pensiyaçılar işləyib özlərini dolandıra bilmirlər. Odur ki cavanlar vergi ödəməklə onların qayğısını çəkməyə borcludur. Vaxt gələcək, indiki cavan nəsil də əmək qabiliyyətini itirmiş təqaüdçüyə çevriləcək. O zaman yeni nəsil yaşlıları dolandırmalı olacaq. Bu silsilə isə həmişə davam edəcək.
Bununla belə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergiyə cəlb edilən gəlirlərindən isə 20%-i dövlətə ödənilir. Məsələn, fiziki şəxs hər hansı məhsul istehsal edir. Bu məhsulu istehsal etmək üçün o xammal alır, yanacaq, elektrik enerjisi və sair sərf edir. Məhsul hazır olandan sonra onu bazarda satır. Bu zaman sahibkar əldə etdiyi qazancından həmin məhsulun istehsalına çəkdiyi xərcləri çıxdıqdan sonra vergiyə cəlb edilən gəliri müəyyənləşir. Məhz bu gəlirdən də fiziki şəxs gəlir vergisini ödəyir. Məsələn, o məhsulu istehsal etməyə 200 manat xərc çəkib və istehsal etdiyi bu məhsulun satışından 300 manat gəlir əldə edib. Bu zaman sahibkarın ödədiyi vergi bu formada olacaq: (300-200)x20%:100%=20 manat. 

No comments:

Post a Comment